ŞƏFİQƏ XANIM QASPIRALI VƏ AZƏRBAYCAN

Yazar:

ŞƏFİQƏ XANIM QASPIRALI VƏ AZƏRBAYCAN

Ceyhun NABİ

Şəfiqə xanım Qaspıralı 20-ci əsrin başlarında çarlıq Rusiyasında türk qadın hərakatının öncüsü, ilk qadın jurnalı “Aləmi-Nisvan”-ının (Qadınlar dünyası) baş redaktoru, türk dünyasında mədəni və siyasi anlamda türklük bilincinin, çağdaşlaşmanın, qısaca milli oyanışın öndəri olan tanınmış qəzetçi, təhsil islahatçısı, siyasətçi Qaspralı İsmayıl bəyin qızı və ən önəmlisi köməkçisi. Azərbaycan Cümhuriyyəti baş nazirlərindən Nəsib bəy Yusifbəylinin həyat yoldaşı. Kırım Cümhuriyyətini parlamentinin sədarət divanı üzvü və iki dönəm millət vəkili.

Şəfiqə xanım 1886-cı il noyabr ayının 21-də Kırımın Bağçasaray şəhərində anadan olmuşdu. Atası qeyd etdiyimiz kimi Tərcüman qəzetinin baş redaktoru İsmayıl bəy Qaspıralı, anası isə Kazan türklərindən, Akçura ailəsindən Zöhrə xanım Akçuradır. Hər iki tərəfdən türk millətinə xidmətlər göstərmiş, dəyərli ailələr idi. Onu Kırıma, Kazana bağlayan bağlar kimi, həmçinin əsas bağlardan biridə Azərbaycan idi. Şəfiqə xanım Azərbaycan türklərindən Nəsib bəy Yusifbəyli ilə ailə həyatı qurmuşdur. Onun sonrakı həyatı bu və ya digər formada Azərbaycanla bağlara zəmin yaratmışdı.

Şəfiqə xanım öz xatirələrində Nəsib bəylə tanışlığı haqqında qeydlər edib. İlk tanışlıqları ilə bağlı o yazır:

“1902-ci ilin dekabr ayında Odessa Univeristeti Türk Tələbələri Dərnəyi üzvüləri bir qrup şəklində görüşmək, tanışmaq və anlaşmaq qayəsi ilə Kırıma gəldilər. Bağçasarayda və Ağməsciddə şərəflərinə ziyafətlər hazırlandı, toplanmalar oldu. Kırım gəncləri lazımı formada onları ağırladı. Kırıma ikinci gəlişi Nəsibin mayın 4-də Tərcümanın 20 illik yubileyi münasibəti ilə, dərnəyin təmsilçisi kimi olmuşdu ”.  

Həmin zaman Şəfiqə xanımın 16 yaşı var idi. Nəsib bəy onu ilk dəfə o zaman görmüş və sevmişdi. Nəsib bəy məktublar vasitəsi ilə onunla əlaqə qurmağa başlayır. Nəsib bəyin ona ilk məktubunun altında tarix kimi 1903-cü il 16 mart göstərilib. Odessa univeristetində oxuyan Nəsib bəyin sevgi bağları bu yolla başlayır. Məktublar ilkin olaraq milli siyasi mahiyyət kəsb edərkən, yavaş-yavaş duyğusal mahiyyət kəsb etməyə başlayır. Onların məktublarla sevgi məcarası təxmini 1904-cü ilin may-iyun aylarında nişanlanma ilə davam edir. Təxmini 1906-cı ilin yazında Şəfiqə xanımla Nəsib bəy ailə həyatı qurur. Şəfiqə xanımın atası İsmayıl bəyin Azərbaycanla milli mənsubluq, məfkurə bağları, dostluq əlaqələri var idi. Artıq bu evlilikdən sonra onu Azərbaycanla qohumluq bağları birləşdirməyə başladı. İsmayıl bəy ilk dəfə ideallarını yaymağa başlayanda onun bu gözəl əməlinə ilk dəstək verən 3 nəfərdən biri, xatirə dəftərində adı keçən Azərbaycanlı Allahyar bəy Zülqədərli idi. Həmçinin İsmayıl bəy Azərbaycanda bir dəfə olmuş, buralar ilə şəxsən tanış idi. Həsən bəy Zərdabi kimi ustad hesab etdiyi, Əlimərdan bəy Topçubaşi, Əhməd bəy Ağaoğlu, Sultan Məcid Qənizadə kimi dövrü olaraq görkəmli jurnalistlər ilə dostluq əlaqələrinə malik idi. Onun rəhbərlik etdiyi Tərcüman qəzetinin Azərbaycanda çoxlu sayda oxucusu, abunəçisi və pərəstişkarı var idi. Hacı Zeynalabinin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçulardan Tərcümana dəstək görmüşdü.

Şəfiqə xanım evləndikdən sonra Nəsib bəylə birlikdə Azərbaycana gəlir. Nəsib bəyin ailəsi ilə, Gəncə ilə, buradakı ictimai-siyasi və mədəni vəziyyətlə şəxsən tanış olur. Əlbəttə ki, bu səfər uzun müddətli və bir dəfəlik qalmaq səfəri deyildi. Qısa müddəti əhatə edirdi. Şəfiqə xanımın həmin zaman Gəncədə olması haqqında məlumata həm Tərcüman qəzetində, həmçinin Ismayıl bəy Qaspıralının Əlimərdan bəy Topçubaşiyə ünvanladığı məktubda rast gəlmək olur.

11 sentyabr 1906-cı il tarixli məktubunda İsmayıl bəy Əlimərdan bəyə yazır: “Şəfi ilə Nəsib Yelzavetpoldadırlar, (Gəncə). Bilmirəm ki, qızım Bakıya gedə biləcəkmi ?”

Buradan aydın olur ki, həmin tarixdə Nəsib bəylə birlikdə Şəfiqə xanım Azərbaycanda olub. Həmçinin həmin tarixdən sonra Şəfiqə xanımın həyat yoldaşı Nəsib bəy Tərcüman qəzetində də işləməyə başladı və həmin qəzetdə bir çox dövrü olaraq əhəmiyyətli, fundamental yazılarla çıxış etmişdi.

Şəfiqə xanım Azərbaycanda olanda “Zaqafqaziya” qəzetində belə bir məlumat getmişdi ki, Gəncədə Yusifbəylinin, Adil xan Ziyadxanlının, Ələkbər bəy Rəfibəylinin, Məhəmməd Pişnamazzadənin xanımları kasıb müsəlmanlar arasında nəşri-maarif adında bir cəmiyyət təsis edirlər. Cəmiyyətin nizamnaməsi təsdiq edilmək üçün yaxın zamanda hökümətə veriləcəkdir. Yusifbəyli tərəfindən həm “İrşad”, həmçinin “Tərcüman” qəzetində Yusifbəyli tərəfindən təkzib verilmişdi.

“Tərcüman” qəzetinin 1908-ci il 19 fevral tarixli nömrəsində Şəfiqə xanım tərəfindən geniş təkzib verilir və işin əsl mahiyyəti izah edilir :

Mən burada bir neçə aylıq qonağam. Özüm bir qadın olduğumdan təbii qadınların, qızların halını düşünürəm. Gəncəyə gəldiyimdə qızların vəziyyəti ilə bağlı məlumat toplayaraq baxdım ki, buralarda başqa yerlər kimidir. Yəni indiyə qədər Gəncədə müsəlmanlar tərəfindən qızlara məxus heç bir məktəb açılmamış. Gəncədə bir şey daha gördüm ki, oda müsəlman qız balaları üçün Maarif nəzarəti tərəfindən iki (Turdavoya pamoşc), cəmiyyəti tərəfindən isə bir məktəb açılmışdır. (Turdavoya pamoşc) cəmiyyəti əksəriyyəti ruslardan ibarət olub, Kazak genaralının taxtı-nəzarəti altındadır.  Maarif nəzarəti tərəfindən açılmış məktəblərdə otuz qız uşağı var. Bir rus və müsəlman müəllimləri vardır. Cəmiyyət tərəfindən açılmış məktəbdə isə 10-15 uşaq vardır.

Bu məktəblərdə bu qədər az qız uşağının oxuması başlıca səbəbi müəllimlərin yadd millətlərdən olmasıdır.

Bu məktəblərə doğrusu məndə etimad etmirəm. Cəmiyyət tərəfindən açılan məktəbin nə fikirlə açıldığı məlum deyilsə, Maarif nəzarəti tərəfindən açılan məktəbin hansı məsləyə xidmət etdiyi məlum.

Bu məktəblərdə 70-80 qız balalarının dərsə davam etmələri Gəncədə o məsumələrdən ötürü dahi məktəb açmaq, öz vəliləri tərəfindən oxudulmaq zamanı gəldiyində bədihi bir dəlil deyilmi ?

Xülsasə: bu mülahazat məni yerli ürafə və ulemamızın qadınlarına və qızlarına müraciət edərək qadınlar arasında nəşri-maarif məqsədi ilə bir cəmiyyət təşkilini təklif elədim. Allah cümləsindən razı olsun, təklifimi rədd etməyib, bu xüsusda çalışacaqlarını vədd etdilər.

Budur Gəncədə “ Müsəlman arvadlar ittifaqı” .

İndi “Gəncəli” Əfəndi sizə müraciət edirəm: Bunu tələmtələsik açıq və qapalı gəzməklə münasibəti varmı ? Sizin vicdanınız bu qədər iftiralara necə razı oldu ?

Əgər siz zənnedilən kimi ədna bir adam deyilsəniz, səhv etdiyinizi yaxud iftira atdığınızı qəzetlərdə elan edəcəyinizə əminəm.

Şəfiqə xanım Azərbaycanda olduğu bu müddət ərzində də boş oturmamış, müsəlman qadınların, uşaqların oyanışı üçün əlindən gələnləri əsirgəməmişdi. Üzərinə iftiralar gəlsədə.

Şəfiqə xanımın xatirələrində Azərbaycanla bağlı, xüsusi olaraq həyat yoldaşı Nəsib bəy Yusifbəylinin fəaliyyəti haqqında maraqlı məlumatlar var. Şəfiqə xanımın xatirələrindən həmin parça:

“Nəsib, Univeristetdəykən Gəncədəki “Mədrəseyi-Ruhaniyə” ətrafında böyük fəaliyyətə girişdi. Mədrəsənin islahı məsələsini ələ alaraq Axund Mirzə Ağası və Mirzə Məhəmməd Pişnamazzadələr ilə birlikdə böyük işlər başarmışdı. İlk iş olaraq Türkiyədən müəllim cəlb edilməsi oldu. Nəsib bu işə talehə yavər olaraq, Odessada qarşısına Akif bəyi çıxardı. Sonradan da (Yenə onlar kimi 2-ci Əbdülhəmid rejimi təqibindən qaçaraq Türkiyəni tərk edənlər) Faiq, Rıza, Zəki bəylər də  zuhur etdilər və beləliklə müəllim məsələsi qismən həll edildi. Sonra Türkiyəlilərə saxta İran pasportu düzəldildi və mədrəsəyə müəllim düzəldildi. Nəsibdə bu mədrəsədə bir il rusca dərsi müəllimliyi etmişdi. Tədris kitabları Türkiyədən gəlirdi, amma hökümət tərəfindən qəbul olunan kitablarda hər tələbənin sırasında düzülü idi. Mədrəsəni tez-tez ziyarət edən müfəttişlərə məxsus olaraq. 1907-ci ildə Nəsib kitab dükanı ərsəyə gətirdi. Türkiyəyə gələr-gedər, kitab alar, çıxarma-keçirmə çarələri axtarar-tapardı. Şübhəsiz bu dükan eyni zamanda bir fikir yayımı, bir təşkilat mərkəzi idi. Hər gün Gəncənin münəvvər gəncləri dükanı ziyarət edər, bura siyasi klub halını alırdı. Nəsib də bu haldan çox məmnun idi və idarə böyük qardaşında olduğu halda, oda həmişə orda idi. İşdə bu arada Nəsibin ətrafındakı gənclik qətiləşir, toplantılar dükandan evlərə köçür və beləliklə Türk Ədəmi Mərkəziyyət Firqəsi fikri doğmağa başlayır.

Bu dükkan, şübhəsiz, eyni zamanda bir fikir yayımı, bir təşkilatın başlanğıcı idi. Gəncənin münəvvər gəncləri dükkana hər gün toplanar, görüşər və danışardılar. Bura siyasi klub halını almışdı. Nəsib də bu haldan çox məmnun idi və həmişə orada idi. Dostlara həmişə hazırlanın, vaxt gələcək bizdən çox iş istəniləcək, o zaman sizləri görüm – deyərdi.  Bu təşkilatlar evlərə keçir və genişləyərək bir təşkilat vücuda gətirir. Nəsibin sayəsində qayət konspirativ idarə edilir və fəaliyyət hökümətə hiss edilmədən həyata keçirilir. Yalnız ara-sıra, gənclərin evində axtarış olurdu. Bizim evdə ilk nəticəsi olaraq, tapılmış qanunsuz rusca nəşriyyat üzündən Nəsibin ağabəyisi Gəncədən sürgün edilmişdi (Böyük qardaşı Həmid bəy Yusifbəyli nəzərdə tutulur, C.N). 2-3 il Bağçasaray və İstanbulda ikametdən sonra əhv edilərək Gəncəyə dönmüşdü. Bunu müteakib axtarışlarda heç bir şey tapılmamışdı.

Gizli toplantılar Gəncədə, evimizdə iki dəfə axtarış. Nəsib yox idi, mən idarə edirdim. Şəfiqə xanım 1954-cü il 30 yanvar tarixli bir təqvimə bu qeydləri yazmışdı.

Şəfiqə xanımla Nəsib bəy arasında ailədaxili münasibətlərdə soyuqluq yarandıqdan sonra Şəfiqə xanım Kırıma dönmüşdür. Aralarında münasibətlər sadəcə məktublaşma ilə olmuşdu. Nəsib bəyin Şəfiqə xanıma yazdığı məktublarda ana mövzu övladları Zöhrə ilə Niyazi idi. Nəsib bəy soyuqluq yarandıqdan sonra bir dəfə Kırıma getmişdi. Bu qayınatası, daşıdığı məfkurəni onda formalaşdırmış İsmayıl bəy Qaspıralının vəfatı ilə bağlı idi.

Şəfiqə xanımın Azərbaycana yenidən dönüşü 1919-cu ilə təsadüf edir. Kırım Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra övladları ilə birlikdə Azərbaycana pənah gətirir. Həmin zaman Nəsib bəy Yusifbəyli Azərbaycan Cümhuriyyətinin baş naziri idi.

Şəfiqə xanım Azərbaycana gəlişi ilə bağlı yazır:

“Mən 15.8.1919-da çıxdım. Həyat yoldaşım Nəsib Yusifbəyli Bakıdan dönmək üzrə gəlmiş müəllim Silistralı Etem Fevzi Bəy ilə yolladığı məktubda iki uşağımla Bakıya gəlməyimizi yazırdı. Bunun üzərinə iki uşağımla, Sevastopol-Novorassiyki-Petrovsk yolu ilə Bakıya getdim” .

Şəfiqə xanım Azərbaycana gəldikdən sonra bütün gücünü Ana məktəbləri mürəbiyyə kursları təşkil etməyə sərf etdi. Bu kursların müdürlüyünə və pedoqoji dərslərə Şəfiqə xanım rəhbərlik edirdi. “Frobel” metodunu əsas alaraq “Ana məktəb nizamnaməsi”, “Ana məktəbi proqramı və təlimatları”-nı hazırlayırdı.

Şəfiqə xanım 1920-ci ildə Azərbaycan Cümhuriyyəti işğal edildikdən və həyat yoldaşı Nəsib bəy Yusifbəyli şəhid edildikdən sonra övladları Niyazi və Zöhrə ilə birlikdə Türkiyənin Azərbaycandakı səfiri Məmduh Şefkət Əsəndalın yardımı ilə Türkiyə mühacirət edir və ömrünün sonuna kimi Türkiyədə yaşayır.

 

  1. Şengül, Necib Hablemitoğulları – “Şefika Gaspıralı ve Rusiyadan Türk Kadın Hareketi”, Ankara, 1998.
  2. Minara Aliyeva Çinar – “Nesip Yusifbeyliden Şefika Gaspıralıya mektublar”, İstanbul, 2018.
  3. İbrahim Süslü – “Azərbaycan Siyasi tarixində Nəsib bəy Yusifbəyli”, Bakı, 2017.
  4. Nazif Qəhramanlı – “Nəsib bəy nümunəsi” Bakı, 2008.
  5. Tərcüman qəzeti (nömrə 11) , 12 fevral 1908, səhvə : 2.
  6. Tərcüman qəzeti (nömrə 13), 19 fevral 1908, səhvə: 2.
  7. Fotolar Rafat Cuvarlının və müəllifin şəxsi arxivindəndir.
  8. Emel Dergisi Temmuz-Ağustos-Eylül 2021, sayı: 276

TAVSİYELER

TÜRK DÜNYASI VE KIRIM’IN İŞGALİ KONFRANSI

TÜRK DÜNYASI VE KIRIM’IN İŞGALİ KONFRANSI Emel Kırım Vakfı Başkanı ve KTMM Türkiye Temsilcisi Zafer …