Yunus Kandım-65:
YUNUS KANDIM BİR HƏFTƏ BAKIDA
Ali ŞAMİL
Krımda Yunus Kandımın yubileyi
|
Sentyabrın 4-də Akmesciddə (Simfropol) şair, tərcüməçi, araşdırıcı və çılğın millətsevər Yunus Kandımın (Kandımov) anadan olmasının 65 illiyi münasibətilə toplantı keçirilmişdir. (Onun soyadını Krım tatarları qaddım, yəni qanmaq, anlamaq şəkilində yazırlar. Rəsmi sənətlərdə, yazıda və internet resurslarında isə kandım şəkilində yazıldığından biz də onun soyadını Kandım və ya Kandımov kimi yazırıq) Toplantıya dövlət adamları, rəsmi şəxslər qatılmasa da iştirakçıların sayı rəsmi toplantılara dəvət edilənlərdən çox olmuşdur. Necə deyərlər Krım tatarlarının gənc nəsili vətən və millət üçün ömür xərcləyən, gənc yaşlarında dünya-dan köçən insanı hörmətlə xatırlamışlar. Sağlığında onun ayağından çəkənlər, haqqında yaxşı-yaman deyənlər də alovlu çıxışlar etmişlər. Gənclər onların 20-30 il öncə Yunus Kandım haqqında dediklərindən xəbərsiz olduqlarından çıxışlarını alqışlarla qarşılamışlar. Kırımdan mənə göndərilmiş yubiley toplantısı haqqında hazırlanmış lentə baxdıqda çox üzüldüm. Öz-özümə sual verdim: nədən insanlar çağdaşlarının əməyini, onların vətən və millət üçün gördükləri işləri vaxtında dəyərləndirmi, öldükdən sonra tərif yağışı yağdırırlar?
35 il öncə Yunus Kandımınla görüşümüzü, üz-üzə söhbətlərimizi yadıma saldım.
Nəriman Qasımoğlunun redaktorun və senzurun gözündən yayınmış “Qalasan andıra” şeiri
… Şair, şərqşünas, tərcüməçi Nəriman Qasım oğlu (o zamanlar Qasımzadə imzasından istifadə edirdi) məni Bakıda keçiriləcək Xəzər forumuna çağırdı. Onunla şəxsi tanışlığımızdan bir neçə ay keçsə də şeirləri ilə tanışlığımın tarixi 5-6 il olardı. Atası, tanınmış şairi və ədəbiyyat araşdırıcısı olan Qasım Qasımzadənı isə tələbəlik illərimdən tanıyırdım. Yaşda məndən böyük olsa da xoş bir münasibətimiz vardı. Bunun səbəbi repressiya olunmuş ədiblərimizlə bağlı verdiyim suallar olmuşdu. Gənclərin 1930-cu illərin ədəbiyyatı ilə maraqlanmasını alqışlasa da güllələnən ədəbiyyatşünaslar, şairlər, yazıçılar haqqında geniş bilgi verməkdən çəkinmişdi. Qasım Qasımzadə “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru işləmiş, dövrünün milli ruhlu şairi, və ciddi araşdırıcısı kimi tanınmışdı. Əmin Abid mövzusunda dissertasiya üzərində işlədiyimə görə Ədəbiyyat İnstitutuna da gedirdim. Qasım Qasımzadə ilə də orada görüşürdüm. Lakin onun ailə üzvləri haqqında elə geniş bilgim yox idi. Bir neçə şeirini oxuduğum Nəriman Qasımzadənin onun oğlu olduğunu bilirdim.Lakin Nəriman Qasımzadəni heç görməmişdim.
Nəriman Qasımzadə isə məndən yaşda xeyli kiçik idi. Azərbaycan Dövlət Unversitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra Yəməndə (1977–1978) və Liviyada (1980–1982) tərcüməçi işləmiş, SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986) olmuş, Azərbaycanda müxtəlif vəzifələrdə çalışmış, elmi dərəcə almış, şeirlərini və tərcümələrini dövrü mətbuatda nəşr etdirmişdir.
1980-ci illərdən başlayaraq ermən millətçilərinin istər Ermənistanda, istər Moskvada çap olunan qəzet və jurnallarda şovinist yazılarının sayı artmağa başlamışdı. Sov.İKP MK ermənilər arasında şovinizmin gücləndiyini tənqid edən qərar versə də ciddi və əməli addım atmamışdı. Ermənistanda və Moskvda erməni şovinistlərinin türklər, Azərbaycan əleyhinə yazdıqları məqalələr, kitablar gündən günə çoxalırdı. Azərbaycanlı alimlərin, şair və yazıçıların onlara yazdıqları cavablar isə nəinki Moskvada, heç Azərbaycanda da çapına icazə verilmirdi. Azərbaycanda bu mövzunün üzərində ciddi bir nəzarət vardı.
Azərbaycan qələm sahibləri necə deyərlər “cilov gəmirdilər”. Lakin bir sətir də olsun çap etdirib ürəklərini boşalda, xalqa təskinlik verə bilmirdilər. Belə bir vaxtda Nəriman Qasımzadənin 1985-ci il avqustun 2-də “Ədəbiyyat” qəzetinində “Qalasan andıra” adlı kiçik bir şeiri çap edildi. Redaktorun və senzorun gözündən yayınıb qəzet səhifəsində özünə yer tapmış bu kiçik şeiri yalnız Azərbaycanı deyil, Ermənistanı və Moskvanı da silkələdi. Şeir aşağıdakı misralarla başlayırdı.
Qonşuluqda Nik adlı
bir it ömür sürürdü,
özgəylə işi yoxdu –
təkcə bizə hürürdü.
Şeirin son beyti isə belə qurtarırdı:
hürə-hürə it oldu,
qalasan andıra, Nik!
Son misrada andıra sözündən sonrakı vergülü götürəndə andranık səslənirdi. Bu da erməni şovinistlərinin milli qəhrəman saydıqları, 1915-1919-cu illərdə Osmanlıda və Qafqazda müsəlmanları qırmış Andranik Ozanyana (1865-19270 işarə idi. Rus ordusunun yardımı ilə başına erməni quldurlarını toplayıb dinc müsəlman əhalisini qıran Andiranik Ozanyanın qulağının türklər tərəfindən kəsildiyi haqqında Azərbaycanda bir rəvayət dolaşmaqda idi. Nəriman Qasımzadə buna da işarə edərək yazmışdı:
Uşaqlar qəzəblənib
qulağını kəsdilər,
sahibləri də bizdən
həmişəlik küsdülər.
Bu misralar şeirin qəddarlıqda ad çıxartmış, müsəlmanların yaşadıqları kəndləri viran qoydurmuş, evlərini talan etdirmiş, qoca, qadın, uşaq demədən adamları min bir zülmlə öldürtdürmüş, Rusiyanın general rütbəsi verdiyi Andranik Ozanyan həsr edildiyi aydın görünürdü.
Şeir qısa müddətdə dilər əzbəri oldu və Nəriman Qasımzadəni Azərbaycanın ən ucqar kəndində belə tanıtdı və sevdirdi.
Naxçıvanlıların “Qalasan andıra” şeirinə və Nəriman bəyə münasibəti
Milli Azadlıq Hərəkatı başlayanda insanlarda milli şüuru oyatmaq, Sovet hökuminin formalaşdırdığı qəlibləri dağıtmaq üçün Nəriman Qasımzadəni Naxçıvana oxucularla görüşə dəvət etmişdik. Belə görüşləri adətən rəsmi qurumlar, partiya komitələri, mədəniyyət idarələri, yazıçılar ittifaqı kulublarda, mədəniyyət evlərində, məktəblərin iclas salonlarında keçirirdilər. Yeni yaranmaqda olan təşkilatımıza qeyri formallar dedik-lərinə görə bizlərə toplanmağa salon vermirdilər və rəsmi şəxslər də toplantılara qatılmırdı. Buna görə də biz toplantılarımızı marağa görə kulublarda, çayxanalarda, açıq havada keçirirdik.
Bizim Nəriman bəyi Naxçıvana görüşə çağırmağımız Qasım Qasımzadəyə qəribə gəlmişdi. Adətən görüşlərə, topantılara məşhur şairləri dəvət edərdilər. Nəriman isə məşhur şair sayılmırdı. Amma “Qalasın andıra” şeirilə hamının qəlbinə yol tapa bilmişdi. Qasım müəl-limə görə Naxçıvanda oxucuların çoxu heca vəznində yazılan xalq şeirlərini sevir. Əsasən sərbəst vəzndə şeirlər yazan oğlu orada oxucu diqqəti çəkə bilməzdi. Ona görə də Nərimanın Naxçıvana getməsinə könülsüz razılıq vermişdi.
|
Zaman isə başqa zaman idi. Millətdə bir oyanış vardı. Şeirin hansı vəzndə yazılması deyil, insanların içindən keçənləri necə ifadə etməsinə önəmliydi. Nəriman da bir vətəndaş kimi xalqının istəklərini cəsarətlə qələmə alan, xalqının haqqını müdafiə edən bir aydın idi. O, Naxçıvana gəldi, çayxanalarda, meydanlarda, kənd klublarında təşkil etdiyimiz görüşlərdə böyük uğur qazandı. Oxuduğu şeirlər alqışlarla qarşılanır, milli məsələ ilə bağlı çoxsaylı suallara açıq cavab verməsilə dinləyicilərin qəlbinə yol tapdı. Cəsarəti və milli dəyərləri yüksək qiymətləndirməsi bizi bir-birimizə yaxınlaşdırdı.
Sovetlər Birliyinin ikili siyasətinə qarşı etirazın arması
Nəriman Qasımoğlunun (o zamanlar atası kimi Qasımzadə imzası ilə yazırdı) dəvətilə Bakıda 1989-cu il dekabrın 4-də keçiriləcək Xəzər forumuna gedə biləcəyimə inanmırdım. Çünki AXC Naxçıvan Vilayət Təşkilatının məclisi dekabrın 5-də Araz çayı sahilində toplantılar keçir-məyi, Sovet ordusunun 1988-ci il dekabrın 5-də törətdiyi vəhşiliyə, Lenin (indiki Azadlıq) meydanına toplaşmış minlərlə insanı zorakılıqla dağıtmasına, yüzlərlə insanı həbs etməsinə, SSRİ-nin İranla sərhəddə yaratdığı dəmir pərdəyə etirazımızı bildirməliydik.
Qafqazı işğal edən Rusiya Azərbaycanı parçalamışdı. Sovet hökuməti isə sərhədlərdə sərt rejim yaratmaqla vəziyyəti daha da gərginləşdirmişdi. Neçə-neçə kənd və qəsəbə iki yerə bölünmüşdü. Eyni şəhər və ya qəsəbə İran Astarası və Sovet Astarası, İran Culfası və Sovet Culfası, İran Biləsuvarı və Sovet Biləsuvarı adıyla tanınır və yazılırdı. 50 ilə yaxın idi Sovet Azərbaycanında yaşayanlar İran Azərbaycanındakı qardaş-bacı-larından, qohumlarından xəbər tuta bilmirdilər. 50 il idi sərhədçilər vaqonda gedənlərə pəncərədən İran tərəfə baxmağı qadağan edirdi. 50 il idi neçə-neçə ana balasının, bala anasının üzünə həsrət idi. Culfada yaşayan bir ana Arazın sağ sahilidə yaşayan oğlunu görməyə getmək üçün viza ala bilirdisə, o qatarla və ya təyyarə ilə Bakıya, Bakıdan Moskvaya, Moskvadan Tehrana, Tehrandan Təbrizə, Təbrizdən İran Culfasına gəlməli olurdu. Araz üzərindəki 100 metrlik körpünü keçməyə içazə verilmədi-yindən 6-7 min kilometr məsafəni keçməli, bir neçə gün vaxt itirməli, nə qədər pul xərcləməli olurdu.
Xalq bu əngəllərdən boğaza yığılmışdı. Xalqın etirazını istiqamət-ləndirən, toplantıları idarə edən isə Xalq Cəbhəsi adlandırılan təşkilat idi. Mən də bu təşkilatın Naxçıvan Muxtar Respublikasındakı özəyinin idarə heyyətinin üzvü idim. Belə bir gərgin vaxtda Bakıdakı toplantıya nə özüm getmək istəyirdim, nə də yoldaşlarım buna icazə verəcəkdilər.
AXC Naxçıvan Vilayət Təşkilatının rəsmi toplantısında deyil, idarə heyətinin bir neçə üzvü arasında mənim Xəzər formuna getmək məsələm müzakirə olundu. Fikir ayrılığı yarandı. Vəziyyətə aydınlıq gətirmək üçün Bakıya – Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Əliyevə (onda hələ Elçibə deyildi) zəng vurduq. O, dedi: “Sərhəddə başladığınız aksiyalar hələ çox uzun sürəcək. Sonrakı aksiyalara qatılarsan. Sənin Bakıdakı toplantıda iştirak etməyin daha önəmlidir. Tanıdığın insanlar da gələcəklər. Onlar da səni görmək istəyəcəklər. Oradakı işləri uşaqlar yoluna qoyacaqlar.”
Təşkilat sədrinin qəti göstərişindən sonra Bakıya yola düşdüm.
Zuğulbada Xəzər formu
Xəzər forumu Bakının doğusunda, Azərbaycan LKGİ-nin (Komso-molunun) Mərkəzi Komitəsinin Zuğulbadakı Gənclik düşərgəsində keçirilirdi. Qəribə burası idi ki, əsasən Türkçülərin dəvət olunduğu toplantının təşkilatçıları arasında Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin adı olsa da, işləri reallaşdıran, düzənə salan məşhur türkoloq, Azərbaycan Elmlər Akademiyasının əməkdaşı, dilçi alim Aydın Məmmədov idi.
Dekabrın 4-ü günü mən toplantı iştirakçılarıyla bir yerdəydim. Əsərlərini oxuduğum Kırım tatarlarından olan şair-publisist Yunus Kandımovla da burada tanış oldum. Əslində mən uzaqdan-uzağa da olsa onu tanıyırdım. Dostlarımla birlikdə Kırım tatarlarının Daşkənddə çıxan “Lenin bayrağı” qəzetinə və “Yıldız” jurnalına abunə olduğumuzdan ordakı məqalələrin və şeirlərin əksəriyyətini gözdən keçirirdik. Yunusun da şeir və məqalələri ilə tanış idim. Amma məni heyrətləndirən onun “Lenin bayrağı” qəzetinin 1987-ci il martın 21-də çap etdirdiyi “Buz yerindən köçəcəyik” məqaləsi olmuşdu. Məqaləni oxuduqdan sonra ona təşəkkür məktubu yazaraq ruhlandırmışdım.
İlk görüşümüzdə də ətrafımızdakılara Yunusun “Buz yerindən köçəcəyik” məqaləsindən söz açdım. Diqqətimizə çox sevindi.
Beləcə xatirələr çözələnməyə başladı. Kırım tatarlarının sürgün həyatından, imzasını tanıyıb üzünü görmədiyimiz insanlardan, vətənə dönənlərin üzləşdikləri çətinliklərdən xəbər tutmağa başladıq.
Xəzər formuna dəvət olunanlar tanıdıqları və tanımadıqları insanlarla uzun illər ayrı düşmüş doğmalar kimi görüşür, söhbətləşirdilər. Kırım tatarlarına içimdə böyük sevgi olduğundan, onların sürgün olunmasına açıdığımdan Yunus Kandımova daha çox diqqət və qayğı göstərməyə, ondan sürgün həyatları haqqında daha geniş bilgi almağa çalışırdım. O da həvəslə danışırdı.
Yunus Kandımovun həyat yolu
Yunus 1959-cu il sentyabrın 4-də Daşkənd vilayətinin Ağkurqan sovxozunda dünyaya gəldiyindən, orta məktəbdə oxuyarkən ədəbiyyata böyük maraq göstərdiyindən, şeirlər yazdığından, ilk şeirini 1979-cu ildə
|
“Lenin bayrağı” qəzetində çap etdiyindən söz açdı. Öyrəndim ki, 1981-ci ildə Daşkənd Dövlət Pedaqoji İnstitutunun Kırım tatar şöbəsini bitirib.
1988-89-cu illərdə “Lenin bayrağı” qəzetində işləyən, şeirlərini və məqalələrini çalışdığı qəzetdə, “Yıldız” jurnalında, “Karılğaclar” almanaxında çap etdirən Yunus Kırım tatarlarının vətənə dönmələrinə icazə verilən kimi Kırıma köçür. Burada yerləşməyə, ev-eşik qurmağa, iş tapmağa nə qədər əngəllər törətsələr də, çətinliklərdən qorxmur. “Dostluq” qəzetinin yaranmasında və formalaşmasında yaxından iştirak edir və qəzetin ən fəal və cəsarətli əməkdaşlarından birinə çevrilir.
Yunus Kandımov 1988-ci ildə Daşkənddəki Qafur Qulam adına Ədəbiyyat və Sanat Nəşriyyatında çap etdirdiyi “Sen denizge benzeysin” adlı şeirlər kitabçasına “Əli muallime büyük ürmet ve sayğı ile. Müəllif. 6.12.89.” avtoqrafıyla mənə bağışladı.
Yunus bəylə, ömür yolundan, sürgün həyatlarından, vətənə qayıtmaq uğrunda apardıqları mübarizədən söhbətlər edirdik. Foruma qatılan azərbaycanlıların ona olan sevgisinə, Kırım tatarları haqqında bilgisinə, onların mübarizəsini necə ürəkdən dəstəklədiyinə heyran qalmışdı.
Yunus bəy çılğın, vətəni və milləti üçün lazım gələn hər bir işi görməyə hazırdı. O, daim axtarırdı. Millətinin keçmişinə bağlı, keçmişiylə qürur duyan birisiydi. Böyük həvəslə yeni şeir formaları yaratdığından, keçmişdə Kırım ədəbiyyatında olan və unudulan “palindrom”lar, “akroşeir”lər yazdığından danışır, 17-ci yüzildə yaşamış Kırım tatar şahzadəsi Şahin Gərayın poeziyaya gətirdiyi janr yeniliyini davam etdirdiyini söyləyirdi. Dinləyənlər onun dediyi terminləri başa düşmədiklərini gördükdə, öz yazdığı nümünələrlə fikrini izah etməyə çalışırdı.
Onun söylədiyinə görə “palindrom” janrında misralar qısa olur, sağdan da, soldan da oxunanda məna verir. “Akroşeir”də isə hər misranın ilk hərifini yuxarıdan aşağı oxuduqda şeir kimə həsr olunduğu bilinir. Yəni şeir kimə ithaf olunubsa, onun adı oxunur.
Yunus bəyə görə “akroşeir”i 1930-cu illərdə Kırım tatar şairi Yunus Temirkaya yaradıb. Azərbaycanlı şairlər isə belə şeirlərin bizdə də yazıldığından və həmin şeirlərin müəllifləri mətbuatda tənqid olunduq-larından söz açanda Yunus Kandımov bərk təəccübləndi də.
Proqrama əsasən, 1989-cu il dekabrın 4-8-də keçirilməli olan “Xəzər” forumu bir həftəyədək davam etdi. Toplantıya bir neçə yeni yaranmış ictimai təşkilatın rəhbəri də dəvət edilmişdi. Foruma dəvət edilmiş içtimai təşkilatlardan səhv etmirəmsə, yalnız Azərbaycan Xalq Cəbhəsinin sədri kimi Əbülfəz Əliyev (Elçibəy) qatıldı və çox maraqlı çıxış da etdi. Təəssüf ki, sonralar onun çıxışının çap olunduğunu görmədim.
Tatar demokratlarının Elçibəyə sualları
Əbülfəz bəy danışdıqca kiçik cib dəftərçəmdə qeydlər aparırdım. Türk xalqlarının nümayəndələrinin verdiyi suallar və verilən cavabları aşağıdakılardır:
Niyazi Arifoviç Arumin (Kazan tatarı): – Bakıda keçirilən nümayişlərdə Rus, Ryazan, Kazan Tatar Şurası yaradıldığı elan edildi. Buna münasibətiniz?
Əbülfəz bəy: – Çox pis. Biz buna qarşı mübarizə aparırıq. Azərbaycan-da yaşayan, özünü Azərbaycan vətəndaşı sayan hər bir şəxs demokratik hərəkatda, yenidənqurmada iştirak etmək istəyirsə, dildən, dinindən, irqindən asılı olmayaraq, AXC-nin tərkibində mübarizə apara bilər. Elə şuraların yaranması qüvvələri parçalamağa, sabah isə onları qarşı-qarşıya qoymağa xidmət edir.
Yunus Kamdımov (Kırım tatarı): – Kırım tatarlarının vətənə dönmək uğrunda mübarizəsinə necə baxırsınız və bizə kömək etmək istərdinizmi?
Sağında Əli Şamil, solinda Yunus Kandım. |
Əbülfəz bəy: – İndi deyil, 60-cı illərdən, tələbə olarkən Kırım tatarlarının mübarizəsini diqqətlə izləmişəm. Mustafa Cəmilovun (Krımlı) haqqında xarici radioların yaydığı məlumatlar, onun həbsxanada aclıq etməsi Azərbaycan çayxanalarında uzun müddət mövzu olub. Sizə fəal qoşula bilməsək də, həmişə Kırım tatarlarına qarşı haqsızlıq edildiyini söyləmişik. Yadınızda varsa, Fərqanədə Axıska Türkləri ilə Özbəklər arasında toqquşma yaradıldıqda biz Sovet hakimiyyət orqanlarının irticaçı siyasətini, Rusiyanın araqarışdırıcılıq fəaliyyətini pislədik, Axıska Türklərinin Azərbaycanda yerləşməsi üçün əlimizdən gələni əsirgəmədik. Kırım Tatarları ilə bağlı xüsusi proqram hazırlayırıq. Onların gənclərinin Bakıya gəlib ali təhsil almalarına nail olacağıq. Hamınızın vətənə dönüb ata-baba yurdlarında məskunlaşmağınız üçün sizlərlə birgə mübarizə aparacağıq. Fəaliyyət birliyinə nail olmaq üçün mütləq kordinasiya şurası yaratmalıyıq.
Rafael Nurəttinoviç Bədrkin (Kazan tatarı): – Xalq Cəbhəsinin qurultayınadək Bakıda yaşayan Türk xalqlarının mərkəzini yaratsaq, çox yaxşı olar.
Əbülfəz bəy: – Biz də bu yöndə iş aparırıq. Amma təkcə Bakıda, Azərbaycanda yaşayan Türk xalqlarının mərkəzini deyil, dünya Türk-lərinin kordinasiya mərkəzi ola biləcək təşkilatların əsasının qoyulması vacibdir. Gələn il aprelində Türkiyədə keçiriləcək Böyük Azərbaycan Konqresi də bu istiqamətdə atılan addımlardan olacaq. Bizim nümayəndələr də orada iştirak edəcək.
Todur Zanet (qaqauz şairi): – Xalqımız qurultay çağırdı. Öz müstəqilliyini elan etdi. Lakin Moldova Ali Soveti qurultayın qərarları ilə hesablaşmaq istəmir. Buna Siz necə baxırsınız?
Əbülfəz bəy: – Sizin problemə beynəlxalq hüquq baxımından iki prizmadan baxmaq olar. Xalqların öz müqəddəratını həll etməsi baxı-mından Siz doğrusunuz. Bir də var, dövlətlərin ərazi bütövlüyü məsələsi. Gəlin, görək, Sizin bölgədə qaqauz dövləti yaratmaq mümkündürmü? Birinci, etnik baxımdan bölgə çox qarışıqdır. Orada qaqauz da var, bolqar da, ukrayn da, moldov da, rus da. Siz dövlətinizi quranda onlar ayağa qalxıb “bizim hüquqlarımız pozulur” deyə hay-haray salacaqlar. İkincisi, beynəlxalq hüquq normaları pozulmuş olacaq. Kiçik bir qurumun yaratdığı dövlət isə güclü dövlətlərin əlində qonşu dövlətlərə təzyiq vasitəsinə çevriləcək. Nəinki Moldova, hətta Ukrayna, Rumıniya, Bolqarıstan da belə dövlətin yaranmasına razı ola bilməz. Yaxşı olardı ki, Siz müttəfiq respublika statusu almaq uğrunda deyil, öncə mədəni muxtariyyət, sonra isə Moldovanın tərkibində inzibati-ərazi muxtariyyatı almaq istiqamətində iş görəydiniz.
Niyazi Arifoviç: – Tatarıstan və Başqırdıstan birləşib bir müttəfiq respublika yaratmaq istəyir. Həmin bölgələrdən seçilən deputatların əksəriyyəti rus olduğuna görə, buna imkan vermirlər.
Əbülfəz bəy: – Tarixdə həmişə Tatarlarla Başqırdlar bir dövlətin tərkibində olublar. Bu ideya indi baş tutmasa da, bir neçə ildən sonra reallaşacaq. Buna zaman lazımdır. Məsələnin yetişməsi lazımdır. Bir siyasi aksiya kimi bunu biz də müdafiə etməli, deputatlara təsir yolları axtarmalıyıq.
Rafael Nurattinoviç: – Tümendə Tatarlarla Azərbaycanlılar birlikdə cəmiyyət yaradıblar. Buna necə baxırsınız?
Əbülfəz bəy: – Təbii, belə də olmalıdır. Biz də əlimizdən gələni əsirgəməməliyik. Kömək etməliyik.”
Vaqif Cəbrayılzadə (Azərbaycanlı şair): – Bəy, mitinqlər çox uzun çəkir, adamları yorur. Doğrudanmı, bu qədər danışmağa ehtiyac var.
Əbülfəz bəy: – Müstəqil qəzetlər nəşr ediləndən, insanlara fikirlərini sərbəst şərh etməyə şərait yaradılandan sonra mitinqlərdə uzun-uzadı danışmağa ehtiyac qalmayacaq.
Xəzər Formunun qonaqları ilə təklikdə görüşlər
Əbülfəz Əliyev Xəzər formunda çıxış edib getdi. Həmin vaxt Bakı çətin və gərgin günlərini yaşamasına baxmayaraq o, gələn qonaqlarla əlaqəsini üzmədi. Sonrak günlərdə forum iştirakçısı olan qonaqlarla ayrılıqda görüşməyə də vaxt ayırdı.
O, toplantıya ilk gündən qatılmasa da nəinki oradakı söhbətləri diqqətlə izləyir, həm də gələn qonaqlarla, onların baxışlaıryla, arzu və istəkləri ilə maraqlanırdı.
Görüşəcəyi adamlar haqqında öncədən bilgi toplamağı sevən Əbülfəz Elçibəy Yunus Kandımov haqqında mənə verdiyi suallar təxminən belə yadımda qalıb: Yunus Kandımov millətinin adının Kırımlımı, Kırım Tatarımı, Kırım Türkümu yazılmasını istəyən hansı qurpdandır? O, Kırımın Ukrayınanınmı, yoxsa Rusiyanınmı tərkibində olmasını istəyir? Yunus Kandımov sürgün olunanların köçürüldükləri kənd və şəhərlərə qayıtmalarını istəyir, yoxsa Kırımın hər hansı güşəsində yerləşmələrini istəyir? Sürgündən dönənlərin Türkiyəyə, ABŞ-a köçmələrinə necə baxır?
Mən Yunus Kandımov söhbətlərimdə Elçibəyin maraqlandığı məsələlərə münasibətini öyrəndim. Onunla baxışlarımız üst-üstə düşürdü. Yunus bəy millətinin adının Kırım Türkü yazılmasını, yarımadanın harasında olsa yerləşmələrini, xarici ölkələrə köçməmələrini, yaxın planda Ukraynanın tərkibində qalmalarını istəyirdi.
Yunus Kandımov Elçibəylə görüşəndə Kırım mövzusunda söhbətləri geniş oldu. Elçibəyə görə Kırıma köçdükdə milliyətlərinin adını Türk yazdırsalar oradakı Azərbaycanlılar da, Türkmənlər də, Özbəklər də, Qazaxlar da, Qırğızlar da, başqa Türk xalqlarının nümayəndələri də milliyətlərini gələcəkdə Türk yazdırar. Beləliklə sayca Ruslardan sonrakı yerdə durar və söz sahibi olarlar.
Kırımın Ukraynanın tərkibində qalmasına məsələsində də Elçibəylə Kandımov arasında fikir ayrılığı yaranmadı. Hər ikisinin fikrincə Ukrayna da Rusiya müstəmləkəsindən qurtulduğundan iqtisadi cəhətdən zəif olsa da, Kırım Türklərinə daha çox arxa durmağa, onların vətənlərinə qayıtmasına tərəfdar olacaq. Rusylara qarşı duruş gətirmək üçün Ukraynalılar Kırım Türklərilə birlikdə olmağa məcburdular.
|
Yunus Kandımov vətənə köçən soydaşlarına Rus şovinistləri və xuliqanları təzyiqlər göstərdiyindən, dönənlərin ev tikib yerləşməkdə çətinlik çəkdiyini bildirəndə Elşibəy ona təskinlik vedi. Bildirdi ki, Azərbaycan çətin vəziyyətdən çıxsa bu problemi sadə yolla həll edə biləcək. Hər il 50 minə yaxın gənc müxtəlif fasilələrlə Kırıma tələbə inşaat dəstəsinin üzvü kimi göndəriləcək. Tələbələr soydaşlarına tikinti, təsərrüfat quruculuğu işlərində yardım göstərməklə yanaşı xuliqanlara və faşistpərəs ünsürlərə qarşı da müqaviməti təşkil edə biləcəkllr.
“Tərcuman” qəzetinin bərpasından, Kırımdan Azərbaycana oxumağa çox sayda tələbə göndərilməsindən, ortaq televizya qurulmasından, ortaq ünsiyyət dilinin formalaşdırılmasından və b. mövzulardan da geniş söhbət etdilər.
Xəzər Formundan sonra Yunus Kandımla yazışmalarımız
Xəzər forumundan sonra bütün qonaqlar kimi Yunus Kandımovu da yola saldıq.
Lakin əlaqələrimiz kəsilmədi. O, mənim Noman Çələbi Cihan və onun başçılıq etdiyi dövlətə, Asan Səbri Ayvazova, Cəfər Seyidəhmədə və Kırımın azadlığı uğrunda mübarizə aparmış insanlara, aydınlarına böyük maraq göstərdiyimi bilirdi. İki il sonra Bakıda oxuyan tələbələrdən “1917 sene Kurultay o nasıl olğan edi” kitabçasını mənə göndərdi. Kitabça Kırımda rataprintlə az tirajda və olduqca bəsit hazırlansa da, oxucular böyük maraq və həvəslə oxuyurdular.
O, mənim “Abunə yazılmaq istəyirik” məktubumu “Kırımskaya pravda” qəzetinin həftəlik əlavəsi olan “Dostluq” qəzetinin 1990-cı il noyabrın 10-da çap etdirdi. Belə məktublar vətənə dönənləri ruhlandırdı. Mən isə qəzetin həmin sayında onun Ş.Ramazonovla birlikdə İkinci Dünya Savaşı illərində Kırımda partizan dəstələrinin komandir müavini və komandiri olmuş, RSFSR Dövlət Mükafatı laureatı, bir neçə kitabın və kinonun ssenari müəllifi Georgi Leonudoviç Severskidən apardıqları “Həqiqət və tək həqiqət” müsahibənin Naxçıvanda böyük maraqla qarşılandığından söz açdım.
Yunus Kandımın tərcümələri və səfərləri
Yunus Kandımovun mənə bir neçə məktub da yazmışdı. Nə yazqı onları qoruyub saxlaya bilmədim. Evimdə hərbiçilərin və milislərin axtarışları zamanı apardıqları kağızlar və sənədlər arasında onun məktubları da olmuşdu. Heyif ki, evimdən aparılan sənəd və yazıların heç birisini geri ala bilmədim. Bakıya köçəndən, xalq cəbhəsi fəallarına qarşı təqiblər səngiyəndən sonra dostlarımın evində saxladığım sənədlər arasında Yunus bəyin bir məktubuna da rast gəldim. O yazırdı:
“Salam, Ali muallim!
Sağ selemetsinizmi? İşleriñiz nasıl?
Bizim işlerimiz yahşı kete, desem de olacaq. Küreş devam ete.
Ali muallim 29 mayda bir teleqramma aldım. Teleqrammadan añlaşılğanına köre 27 mayda Naxiçevanda Milli Azatlıq Künü – Azərbaycan Demokratik Respublikası-nıñ 72 yıllığına bağışlanğan tantana-larğa teklif etilgenim. Lekin teleqram-manı maña pek keç berdiler. Çoq teesuf ki, men fursattan faydalanıp, sizlernen azeri dostlarimnen körköşip olamadım.
Men sizlerni, azerilerniñ azatlığı içün canlarını ayamağan azerbaycan evlâdlarını, bütün halqını mezkür künnen hayırlayım. Epinizge sabır-taqat, küç-quvet tileyim. Kırım-tatar milletine ürmet bildirgeniñiz içün çoq sağ oluñız, aziz dostlar.
Ali muallim, dostlarımıznıñ episine selâm etiñiz”.
Urmetle
Yunus Kandımov
29.05.90
Yunus Kandımov familyasındakı ov sonluğunu atdı. 1990-cı ildə olduqca məhsuldar çalışan Yunus Kandımın sorağını gah Türkiyədeki Uluslararası şeir şölənindən (Bursa, 1992), Avropa Yazıçılarının Rumınyada keçirilən 2-ci Uluslararası görüşündən (Kostence, 2001), gah Avropa Şairlərinin Latviyada keçirilən 3-cü Dəyirmi stolundan (Riqa), gah Ukrayna şairi Taras Şevçenkoya həsr olunan Uluslararası toplantılardan (Luqanski, 1998, Kamensts-Podolsk, 2000, İvan-Frankovsk, 2001) alırdım. Tədbirlərdə bu qədər fəal iştirak etməklə, soydaşlarının sürgündən dönərkən üzləşdiyi problemləri dünyaya çatdırmaqla yanaşı, yorulmadam yazıb-yaradırdı.
|
O, az vaxtda Londonda yaşayan və romanlarını Türkiyə Türkcəsində yazan Kırım Tatar yazıçısı Cengiz Dağcının “Onlar da insan idilər”, “Anama məktublar”, “Yurdunu qayb edən (itirən) adam”, “Qorxunc illər” romanlarını, “Cengiz Dağcı: yazıçının öz qələmilə” xatirələrini çevirərək ana dilində çap etdirdi. Bundan başqa Taras Şevçenkonun şeirlərini və “Qafqaz” poemasını, Lesya Ukrainkanın şeir və poemalarını, Mixaylo Kotsyubinskinin hekayə və povestlərini, Y.Muşketikinin, P.Movçaninin, M.Miroşniçenkonun, B.Basırovun və başqalarının əsərlərini Kırım Tatarcasına çevirərək çap etdirdi. Çevirdiyi neçə-neçə əsəri çap etdirə bilmədiyi kimi, sənədlər topladığı neçə-neçə araşdırmanı da tamamlaya bilmədi.
…Qarabağda doğulub boya-başa çatan, Daşkənddə Dövlət Pedaqoji İnstitutunun Tatar Dili və Ədəbiyyatı Fakültəsini bitirən və mənimlə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda işləyən İlqar Qasımov bir gün dərin hüznlə xəbər verdi ki, Yunus Kandımov dünyasını dəyişib. Onun belə gənc ikən ölümü bizi sarsıtsa da, nə edəcəyimizi bilmədik. İlqar da Yunus Kandımovun nə vaxt öldüyünü dəqiq bilmirdi. Sonralar 2005-ci il martin 20-də, Azərbaycanda və Kırımda ailələr sevimli Novruz bayramlarını qeyd etdikləri bir vaxt ürək xəstəliyindən dünyasını dəyişərək, haqqa qovuşduğunu mənə söylədi.
Çılğın bir şairin, vətənpərvər bir insanın, Türk dünyasının birliyi üçün canından keçməyə hazır olan bir millətsevəri də belə itirdik.